sa sa 1430
İnstitutun əməkdaşları “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional videokonfransda iştirak ediblər + Foto Okt 22, 2020 | 10:27 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə 20-21 oktyabr tarixində “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional videokonfrans işinə başlayıb.

Açılış nitqi ilə çıxış edən AQTA sədri Qoşqar Təhməzli iştirakçıları salamlayaraq bildirib ki, BMT-nin Baş Assambleyası tərəfindən 2020-ci ilin “Beynəlxalq bitki sağlamlığı ili” elan olunmasına həsr edilmiş bu tədbir də mühüm əhəmiyyət daşıyır, qarşılıqlı fikir, təcrübə mübadiləsi üçün imkanlar açır. Q. Təhməzli Ermənistanın respublikamıza təcavüzü ilə bağlı da konfrans iştirakçılarına məlumat verərək, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyini bildirib.

Konfransın açılış hissəsində, həmçinin Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın katibi Jingyuan Xia, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatının rəhbəri Nico Horn, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak çıxış edərək, tədbirin təşkilatçısı olan AQTA rəhbərliyinə təşəkkürlərini bildiriblər. Videokonfransın əhəmiyyətini vurğulayan çıxışçılar bu konfransın Azərbaycanda bitki sağlamlığı sahəsinin inkişafına, daxili və xarici bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli, təhlükəsiz bitki və bitkiçilik məhsullarının istehsalına müsbət təsir göstərəcəyini, region ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini ifadə ediblər.

Videokonfransa həmçinin, AMEA Molekulyar Biologiya və Biotexnlogiyalar İnstitutunun iki elmi işçisi b.ü.f.d., dosent Samirə Rüstəmova və b.ü.f.d. Səmra Mirzəyeva da qoşulub. Səmra Mirzəyeva "Pomidor bitkisində yayılmış əsas virus xəstəlikləri və onlara qarşı mübarizə" mövzusunda təqdimatla çıxış edib.