sa sa 2425
Həmyerlimiz Yaqut Erdemin elmi seminarı keçirilmişdir + Foto İyn 22, 2018 | 14:33 / Seminarlar

İyunun 22-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda həmyerlimiz Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetinin yardımçı professoru Yaqut Erdem (Əkbərova) məruzə ilə çıxış etmişdir. Yaqut Erdem (Əkbərova) Akademik Cəlal Əliyevin və AMEA-nın müxbir üzvü İlham Şahmuradovun birgə elmi rəhbərliyi ilə elmi fəaliyyətinə başlamışdır. Sonralar Yaqut Erdem Oman Sultanlığının Sultan Qaboos Universitetində elmi tədqiqatçı olaraq işləmişdir. 2009-cu ildən etibarən Türkiyənin Kayseri şəhərində Erciyes Universitetində yardımçı professor (Assistant Professor) olaraq fəaliyyətə başlamış və bir çox layihələrdə iştirak etmişdir, çoxsaylı elmi konfranslarda elmi məruzələr etmişdir. Elmi tədqiqatlarını insan xəstəliklərinin genetik əsaslarının öyrənilməsi istiqamətində aparır. İnsanlarda beyin xərçənginin müalicəsi, artıq çəki problemi və şəkərli diabet xəstəliyi ilə əlaqəli genlərin tədqiqi üzrə elmi layihələri mükafatlara layiq görülmüşdür, bu sahədə bir sıra elmi məqalələri beynəlxalq jurnallarda nəşr edilmişdir.

 Yaqut Erdemin çıxışı “Diqqət defisiti və hiperaktivlik pozuntusu olan uşaqlarda namizəd genlərin araşdırılması” mövzusunda olmuşdur. Alim bildirmişdir ki, diqqət problemləri,həddindən artıq hərəkətlilik diqqət əksikliyi və hiperaktivlik pozuntusunun xarakteristik əlamətləridir. Məruzə institutun əməkdaşları tərəfindən maraqla dinlənilmiş və çıxış ətrafında geniş müzakirələr aparılmışdır.