sa sa 1742
MBBİ-də 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib + Foto Yan 20, 2021 | 13:58 / Tədbirlər

Bu gün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar zoom platforması üzərindən onlayn tədbir keçirilib. İnsitutun direktoru, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova tədbiri giriş sözü ilə açaraq 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi qətliamdan danışıb. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciə respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı misli görünməmiş hərbi cinayət törədilib. Akademik qeyd edib ki, Azərbaycanın şanlı tarixinin bir səhifəsi olan 20 Yanvar hadisəsi istiqlala gedən yolun təməlini qoydu. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdi. “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması istiqamətdə mühüm tədbirlər həyata keçirir.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, Tərlan Məmmədov, institutun Proteomiks beynəlxalq laboratoriyasının müdiri İsmayıl Zülfüqarov, ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev, Qadınlar şurasının sədri Fazilə Qasımova, Gənc alim və mütəxəssislər şurasının sədri Ulduzə Qurbanova, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin baş mütəxəssisi Nigar Hacıyeva 20 yanvar şəhidlərini xalqımızın qəhrəmanlıq rəmzi kimi səciyyələndirmişlər. Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, bu gün qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu işğal altında olan torpaqları azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. 44 gün davam edən Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacaqdır.