sa sa 1502
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib + Foto Yan 25, 2021 | 15:45 / Konfranslar, iclaslar

Yanvarın 25-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının cari ildə onlayn formatda ilk iclası keçirilib. İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.

Elmi şuranın sədri, institutun direktoru, akademik İradə Hüseynova iclası açaraq iştirakçıları yeni təqvim ilinin başlaması münasibətilə təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb.  İ.Hüseynova bildirib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması, əhalinin sosial müdafiəsinin təşkili, iqtisadi aktivliyin təmin olunması istiqamətində Azərbaycan dövləti tərəfindən zəruri tədbirlər həyata keçirilir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Milli Elmlər Akademiyasının işə davamiyyətinin tənzimlənməsi barədə” 18 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən İnstitutda işçilər qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb ediliblər.

Akademik İ.Hüseynova qeyd edib ki, cari ildə Elmi şuranın ilk iclasının gündəliyinə 2021-ci il üçün institutun elmi-tədqiqat işlərinin planlarının müzakirəsi və digər vacib məsələlər daxil edilib. 2021-ci ildə görüləcək işlərin planı ilə bağlı çıxış edən şuranın sədri İ.Hüseynova bildirib ki, layihə müasir dünya elminin inkişaf meylləri və ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı elmi və texnoloji problemlər nəzərə alınmaqla hazırlanıb. Cari ildə institutda 3 istiqamət və 3 problem ətrafında  6 mövzu üzrə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Elmi istiqamətlər və plan layihəsi geniş müzakirə olunub. Müzakirələrdə institutun laboratoriya müdirləri-AMEA-nın müxbir üzvləri N.Quliyev, İ.Əzizov, İ.Şahmuradov, biologiya elmləri doktorları Yaşar Feyziyev, Ş.Bayramov, H.Babayev və b. çıxış edərək öz təkliflərini bildiriblər. Müzakirələr nəticəsində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2021-ci il üçün elmi-tədqiqat işlərinin planı Elmi şuranın qərarı ilə təsdiq edilib. Sonra gündəlikdəki digər məsələlər, o cümlədən laboratoriyalardan birinin adının və elmi istiqamətinin dəyişdirilməsi, elmi seminarlar və s. haqqında məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.