sa sa 1592
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb + Foto Fev 01, 2021 | 21:11 / Tədbirlər

Fevralın 1-də dünya şöhrətli alim, ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, Əməkdar Elm Xadimi, Azərbaycanın ali dövlət mükafatlarına – “İstiqlal” və “Şərəf” ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görülmüş akademik Cəlal Əliyevin vəfatından beş il ötür. Bu münasibətlə görkəmli alimin tələbələri, Cəlal Əliyev məktəbinin davamçıları Fəxri xiyabana gələrək onun  məzarını ziyarət edib, məzarı önünə əklillər və gül dəstələri qoyublar. Sonra AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda alimin xatirəsinə həsr olunan onlayn formatda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova bildirib ki, akademik Cəlal Əliyev keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin bünövrəsini qoymaqla fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdırıb. Onun elmi fəaliyyətinin əsas istiqaməti kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq proseslərinin nəzəri əsasları kimi fotosintez və fototənəffüs proseslərinin  tədqiqinə həsr olunub. Görkəmli akademikin yaradıcılığının əhəmiyyətli hissəsi taxılçılığın inkişafına yönəlmişdir. Fundamental tədqiqatların nəticələrinin seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi nəticəsində Cəlal Əliyev tərəfindən yüksək məhsuldarlığa malik qiymətli buğda sortları yaradılmışdır.

Sonra akademik Cəlal Əliyev məktəbinin davamçıları – AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, İlham Şahmuradov, Tərlan Məmmədov, İnstitutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov və ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev,  biologiya elmləri doktorları Şahniyar Bayramov, Tofiq Allahverdiyev, biologiya üzrə fəlsəfə doktorları Nurməmməd Mustafayev, Sədaqət Əsədova, Gülnarə Balakişiyeva və b. çıxış edərək alimin Azərbaycan elminin inkişafında çoxillik zəngin və məhsuldar fəaliyyətindən, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərindən, alimin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyindən söhbət açaraq müəllimlərinin xatirəsinin onların qəlbində daim yaşayacağını vurğulayıblar.