sa sa 1635
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə onlayn formatda anım tədbiri keçirilib + Foto Mart 31, 2021 | 12:37 / Tədbirlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib. Onlayn formatda baş tutan tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik İradə Hüseynova iki yüz ildən artıq bir müddətdə quldur erməni-daşnak birləşmələri və onların havadarlarının xalqımıza qarşı irəli sürdüyü torpaq iddiaları nəticəsində baş verən qətliamlardan, fəlakətlərdən söz açıb. O qeyd edib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Xalqımıza, türk dünyasına qarşı erməni daşnaklarının həyata keçirdiyi soyqırım siyasətinin bir məqsədi olub: işğal olunmuş türk torpaqları hesabına "Böyük Ermənistan" dövləti yaratmaq. 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Həmkərlar təşkilatının sədri Həsən Babayev, elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov, Təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova, b.ü.f.d., dosent Nurməmməd Mustafayev və b. soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmağın önəmli olmasını, bir daha belə halların təkrar olunmaması üçün 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdiyimiz kimi Azərbaycan xalqının milli birliyini hər zaman  qorumalı olduğumuzu vurğulayıblar.

Tədbirin sonunda 31 mart hadisələri zamanı erməni vandalizmini əks etdirən film nümayiş etdirilib.