Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 98 il ötür. Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Hər il olduğu kimi bu il də xalqımız ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad edir. Mayın 7-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və YAP Səbail Sünbül ərazi ilk partiya təşkilatının üzvləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gedərək Azərbaycanın memarı və qurucusu, ulu öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra tədbir institutda onlayn formatda davam edib. Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü İbrahim Əzizov 1992-1993-cü illərdə Azərbaycanda olan vəziyyəti şərh edib. 1992-ci ildə ölkənin qurtuluş yolunu yalnız ulu öndər Heydər Əliyevdə görən, onun Azərbaycanda hakimiyyətə qayıdışı üçün müraciətə imza atan məşhur 91 nəfər ziyalıdan biri olan İbrahim Əzizov erməni işğalı və daxili çəkişmələrin baş verdiyi o çətin dövrdə Azərbaycan dövlətçiliyini məhz Heydər Əliyevin hakimiyyətə gəlişinin xilas etdiyini vurğulayıb. O bildirib ki, ölkəmizin prezidenti İlham Əliyev Ümummilli Liderin layiqli davamçısı kimi onun vəsiyyətini həyata keçirərək işğal altında olan torpaqlarımızı azad edib və hazırda həmin ərazilərdə tikinti və abadlıq işləri aparılır.
İnstitutun Qadınlar Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fəzilə Qasımova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinə siyasəti ilə öz sözünü qızıl hərflərlə həkk etmiş şəxsiyyətdir. Ulu öndər Azərbaycan dövlətinin milli mənafeyini daima uca tutan, xalqını parlaq gələcəyə aparan mükəmməl dövlət başçısı olmuşdur. Heydər Əliyev dühası elə bir zirvədir ki, dünənimiz bu günümüz və gələcəyimiz onunladır.
Daha sonra YAP Səbail Sünbül ərazi ilk partiya təşkilatının gənclərlə iş üzrə sədr müavini Natiq Məmmədov, MBBİ-nin Gənc Alim və Mütəxəssislər Şurasinin sədri Nərgiz Bayramova, Şuranın sədr müavinləri Aygün Sadıqova, Səbinə Omarova, Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Günay İsmayılova çıxış etmişlər.
Gənclər Heydər Əliyevin Azərbaycanda elmin inkişafı üçün apardığı işlərdən söz açaraq onun yeni elm sahələrinin yaranmasında oynadığı möhtəşəm rolu bir daha yada salaraq Heydər Əliyevin mənəvi irsinə hər zaman sədaqətlə xidmət edəcəklərinə söz veriblər. Əbədi müstəqillik tarixi yazan Heydər Əliyev daima xalqının qəlbində yaşamış, yaşayır və yaşayacaqdır.