sa sa 1317
26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür İyn 25, 2021 | 10:36 / Mühüm hadisələr

Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

         Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

         Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi sayəsində respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsi mümkün oldu. Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.    

 Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.

 2020-ci ilin sentyabrın 27-də Ordumuzun həyata keçiirdiyi əks hücum  əməliyyatlarında hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verildi. Nəticədə, beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi.

Bu gün Azərbaycan xalqı bu bayramı xüsusi bir sevinc hissi,coşqu ilə qeyd edir. 44 gün davam edən Vətən müharibəsi ordumuzun həqiqi gücünü, nəyə qadir olduğunu bir daha sübut etdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi.