sa sa 367
Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış professoru Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təlim keçib + Foto Okt 28, 2021 | 18:00 / Seminarlar

Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış mütəxəssisi, onkoloq həkim, prof. Dr. Berrin Pehlivan Azərbaycana səfəri çərçivəsində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub.

O, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova ilə görüşüb.

Görüşdə akademik İradə Hüseynova iki qardaş ölkə arasında bütün istiqamətlər üzrə davam edən əməkdaşlıq əlaqələrindən bəhs edib. Həmçinin bu yaxınlarda ildönümü qeyd olunacaq Azərbaycanın möhtəşəm qələbəsindən söz açıb. Vitse-prezident bildirib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə qardaş Türkiyə Azərbaycanın yanında olub, mənəvi dəstək göstərib.  

Görüşdə gələcəkdə B.Pehlivanın rəhbərlik etdiyi klinika və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlıq əlaqələrinin qurulması, yeni metodların tətbiqi, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü qeyd olunub.

Daha sonra prof. Berrin Pehlivan institut əməkdaşları üçün təlim keçib.

Qonağı kollektivə təqdim edən akademik İradə Hüseynova artıq 3-cü dəfədir ölkəmizə səfər edən professor Berrin Pehlivanın onkologiya sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb.

Akademik İradə Hüseynova Berrin Pehlivanın Hacettepe Universiteti Tibb fakültəsi məzunu olduğunu bildirib, alimin Boston Universitetinin Radiasiya Onkologiyası Bölməsində tədqiqatlar apardığını və təcrübə keçdiyini diqqətə çatdırıb. Qeyd edib ki, uzun müddət xaricdə fəaliyyət göstərmiş Berrin Pehlivan xərçənglə mübarizədə qlobal texnologiyaların tətbiqi ilə bağlı araşdırmalar aparıb, Fransa və İsveçrədə şiş hüceyrələri ilə bağlı bir çox elmi tədqiqat işlərində yer alıb. 

AMEA-nın vitse-prezidenti türkiyəli professorun azərbaycanlı xərçəng xəstələrinin müalicəsində yaxından iştirak edərək, onların öz sağlamlıqlarına qovuşmasında böyük rol oynadığını bildirib. Əlavə edib ki, Berrin Pehlivan hazırda Türkiyədə həkimlik fəaliyyəti ilə məşğul olmaqla yanaşı, həm də mühüm elmi-tədqiqat işləri üzərində çalışır.

Sonra prof. Berrin Pehlivan “İnsan genomu layihəsi onkoloji yanaşmanı necə dəyişdirdi?” mövzusunda məruzə ilə çıxış edib. O, artıq 20 ildir ki, radiasiya onkologiyası sahəsində fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, illər öncə xərçəng xəstəliyi müalicə olunmayan xəstəliklər sırasına daxil olsa da, müasir dövrdə onun müalicəsi mümkündür. Alimin sözlərinə görə, molekulyar onkologiya istiqamətinin inkişafı və bu sahədə son texnologiyaların tətbiqi sayəsində hazırki dövrdə xərçəngin müalicə edilə bilən xəstəlik olduğunu demək mümkündür.

Məruzəçi “İnsan genomu layihəsi”nin həyata keçirilməsi ilə şiş xəstəlikləri sahəsində böyük irəliləyişin əldə olunduğunu qeyd edib, kimyaterapiya, funksional MRT-nin üstünlükləri, radioterapiya cihazlarının inkişaf mərhələləri, orqana əsaslanan yanaşmalar barədə məlumat verib.

Berrin Pehlivan bildirib ki, ağciyər xərçəngi sahəsində ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənən dərmanların sayında 2010-cu illə müqayisədə 2019-cu ildə böyük artım olub: “Artıq standart dərmanlar əvəzinə pasiyentə fərdi yanaşaraq onun mövcud vəziyyətinə, şişin növünə uyğun dərman vasitələrinin tətbiq olunmasına üstünlük verilir”.

O, xərçəngin müalicəsində tətbiq olunan kimyaterapiya, radioterapiya, cərrahi üsullar və onların məqsədindən bəhs edib, radioterapiyada tətbiq olunan müasir texnologiyaları diqqətə çatdırıb. Qeyd edib ki, doğru hədəflənmə ilə xəstənin ömrünü uzatmaq, yan təsirləri azaltmaq, həyat səviyyəsini yüksəltmək, eləcə də yeni müalicə strategiyalarını tətbiq etmək mümkündür.

Türkiyəli professor, həmçinin immunoterapiya, definitiv kimyaradioterapiya, radioterapiyanın gələcəyi hesab olunan flaş radioterapiya, protonterapiyanın üstünlükləri barədə ətraflı məlumat verib.

Məruzə ətrafında aparılan geniş müzakirələrdə akademik İradə Hüseynova, biologiya elmləri doktoru Şahniyar Bayramov, biologiya üzrə fəlsəfə doktorları - Samirə Rüstəmova, Sədaqət Əsədova,  Ələmdar Məmmədov, İsmayıl Zülfüqarov, Səmra Mirzəyeva, Maya Xanışova, Nurməmməd Mustafayev, eləcə də Zərintac Rüstəmova, Lalə Axundova və Günay İsmayılova iştirak ediblər.

Müzakirələrdə xərçənglə mübarizədə protonterapiya, hədəfli terapiya, radioterapiya, kimyaterapiya, immunoterapiyanın tətbiqi, genlərdə baş verən mutasiyaların şiş hüceyrələrinin yaranmasına təsiri, COVID-19-un insan orqanizmində yaratdığı dəyişikliklərlə bağlı suallar cavablandırılıb.

science.gov.az