sa sa 1023
Proteomiks beynəlxalq laboratoriyasının elmi işçisi Aynurə Paşayevanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib + Foto Noy 01, 2021 | 20:00 / Mühüm hadisələr

Noyabrın 1-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Proteomiks beynəlxalq laboratoriyasının elmi işçisi Aynurə Paşayevanın 2415.01– “Molekulyar biologiya” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Dənli bitkilərdə işıqla induksiya olunan proteom və metabolom dəyişiklikləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işi institutun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, Cənubi Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı professoru İsmayıl Zülfüqarovun rəhbərliyi altında yerinə yetirilib. A.Paşayevanın tədqiqat işlərinin nəticələri respublika və xarici jurnallarda nəşr olunub, bir sıra respublika daxili və beynəlxalq konfranslarda dinlənilib və müzakirə edilib. Gənc tədqiqatçı sertifikatlar və diplomlarla mükafatlandırılıb. Dissertasiya işində ilk dəfə olaraq piqment-zülal komplekslərinin işıqla induksiya olunan dəyişiklikləri, qaranlığa adaptasiya və işığın təsirinə məruz qaldıqdan sonra qeyri-fotokimyəvi sönməninnin induksiya və relaksasiyasının müqayisəli kinetikası yerli yumşaq buğda sortlarında öyrənilib. Düyü bitkisində FS2 ilə zəngin olan tilakoid membranının fraksiyasından istifadə etməklə FS2-nin PsbS zülalının yeri müəyyən olunub. Dissertasiya işinin nəticələri qida məhsulları və bioenerji istehsalında gələcək problemlərin qlobal həlli üçün fotosintezin məhsuldarlığının artırılması məqsədilə istifadə oluna bilər. Rəyçilər, Biologiya elmlər doktoru, professor Ramiz Əliyev, professor doktor Jeon Jong-Seong dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini və beynəlxalq tələblərə cavab verdiyini qeyd ediblər. Dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. Müzakirədə institutun elmi əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin, AMEA Genetik Ehtiyatlar İnstitutu və Botanika İnstitutunun alimləri iştirak edib. Akademik İradə Hüseynova,  fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, biologiya elmləri doktorları Şahniyar Bayramov, Nağı Musayev, Səftər Süleymanov, Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktorları Ələmdar Məmmədov, Hamlet Sadıqov və Maya Xanışova dissertanta təklif və rəylərini bildiriblər. Müzakirənin sonunda Aynurə Paşayevanın dissertasiya işinin Seminar şurasında müzakirə olunması tövsiyyə olunub.