sa sa 413
Zəfərimiz mübarək, qalib Azərbaycan xalqı! + Foto Noy 05, 2021 | 13:55 / Tədbirlər
Noyabrın 5-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 noyabr-Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib. Öncə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova rəşadətli Azərbaycan Ordusunun qüdrətindən, şəhid və qazilərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızı işğalçı düşməndən azad etdiyini qeyd edib. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Bu gün öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan qüdrətli Azərbaycan xalqı böyük Zəfərini qeyd edir. Bu günlər ərzində biz şəhidlərimizi və onların doğmalarını heç vaxt unutmadıq və unutmarıq! Bu qələbəyə görə biz hamımız onlara borcluyuq. Canlarını Vətən uğrunda fəda verib bizə doğma torpaqlarımızı qaytardıqlarına və bu sevinci bizə bəxş etdiklərinə görə onların ruhu qarşısında baş əyirik, doğmalarına səbr diləyirik. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik.

Sonra AMEA-nın müxbir üzvləri - əslən Qubadlıdan olan İlham Şahmuradov, əslən Cəbrayıldan olan Novruz Quliyev, Veteranlar şurasının sədri İbrahim Əzizov, qazi atası Mikayıl Paşayev, Birinci Qarabağ müharibəsinin iştirakçısı Şahvələd Məmmədov, YAP “Sünbül” Ərazi ilk Partiya Təşkilatının Gənclərlə İş Üzrə sədr müavini Natiq Məmmədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova bu böyük qələbə sevincini bizə yaşatdıqlarına, uzun illərin torpaq həsrətinə son qoyduqların görə Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Azərbaycan Ordusuna minnətdar olduqlarını, Azərbaycan xalqının cənab Prezidentin ətrafında bir yumruq kimi birləşib bu sınaqdan şərəflə, qalib xalq kimi çıxdığını qeyd ediblər.

Tədbirdə 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın keçdiyi döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra tədbir ağac əkmə aksiyası ilə davam etdirilib.