sa sa 295
AMEA, ADNSU və Strasburq Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb + Foto Apr 23, 2022 | 18:00 / Görüşlər

Aprelin 21-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universiteti (UNISTRA) arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında sazişin imzalanma mərasimi keçirilib.

Tədbirdə AMEA tərəfindən Akademiyanın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidentləri, akademiklər Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və AMEA-nın Rəyasət Heyətinin elmi katibi, dosent Sərxan Xavəri iştirak ediblər.

İmzalanma mərasimində, həmçinin ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universiteti tərəfindən isə müəssisənin prezidenti Mişel Deneken, Strasburq Universitetinin vitse-prezidenti Jan-Mark Planeix, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Yelizaveta Boydanova, UFAZ-ın şöbə müdiri Filip Turek, həmçinin Fransanın Azərbaycandakı səfiri Zakari Qros iştirak ediblər.

Tədbiri AMEA-nın prezidenti v.i.e., akademik A.Həşimov açaraq qonaqları AMEA-da görməkdən məmnun olduğunu deyib və onlara Akademiyanın yaranma tarixi və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib.

AMEA rəhbəri sazişin tərəflər arasında əlaqələrin genişləndirilməsinə, birgə elmi layihələrin həyata keçirilməsinə və tədqiqatların aparılmasına, eləcə də gənc kadrların hazırlanmasına təkan verəcəyini vurğulayıb.

Sonra UFAZ-ın icraçı direktoru V.Əsgərov çıxış edərək tədbirin təşkilinə görə, AMEA rəhbərliyinə minnətdarlığını bildirib və fransalı qonaqları təqdim edib.

Daha sonra tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor M.Babanlı UFAZ haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Professor Mustafa Babanlının sözlərinə görə, universitet 2016-cı ildə ilk qəbulunu elan edib və 2019-2020-ci illərdə iki dəfə məzun buraxılışını həyata keçirib. Ötən il UFAZ ilk magistratura qəbulunu elan edib. Bundan əlavə, UFAZ-da doktorantura pilləsi üzrə də tələbələrin hazırlanacağını və artıq bu istiqamətdə ADNSU ilə Strasburq Universiteti arasında sazişin imzalandığını söyləyib.

Son vaxtlar UFAZ-da elmi tədqiqatların həyata keçirilməsi istiqamətində işlərə başlandığını deyən professor Mustafa Babanlı bu prosesin icrasında AMEA-nın və Azərbaycan alimlərinin təcrübəsinə ehtiyacın yarandığını, ölkəmizin maraqlarına və müasir çağırışlara uyğun birgə tədqiqatların aparılmasının ümumilikdə respublikamızın və elmimizin inkişafına təkan verəcəyini vurğulayıb. Eyni zamanda bildirib ki, imzalanacaq üçtərəfli saziş Azərbaycan-Fransa elmi mərkəzləri arasında körpü yaradacaq.

Tədbirdə çıxış edən Strasburq Universitetinin prezidenti M.Deneken qeyd edib ki, rəhbərlik etdiyi universitet Avropanın ən köklü ali təhsil müəssisələrindən biridir. Bu gün Strasburq Universitetində 5 Nobel mükafatçısının və 30-a yaxın fransalı akademikin çalışdığını deyən M.Deneken UFAZ-ın ötən illərdə əldə etdiyi uğurların sözügedən mütəxəssislərin marağına səbəb olduğunu və onların bu prosesə töhfə verməyə hazır olduqlarını söyləyib.

2017-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşdə iştirak etdiyini xatırladan Mişel Deneken bu görüşün onu Azərbaycanda yeni tədris sisteminin yaranması və təhsil sisteminin inkişaf etdirilməsi, müasir standartlara cavab verən laboratoriyaların yaradılması və gələcək tədqiqatların aparılması üçün ruhlandırdığını deyib. Deneken imzalanacaq sazişin Fransa üçün də əhəmiyyət daşıdığını və Azərbaycan gəncləri üçün böyük imkanlar açacağını diqqətə çatdırıb və AMEA rəhbərliyini Strasburq Universitetinə dəvət edib.

Öz növbəsində akademik Arif Həşimov dəvətə görə minnətdarlığını bildirib və aprelin 27-də AMEA-nın Ümumi yığıncağının keçiriləcəyini, tədbir çərçivəsində Akademiyanın elmi nailiyyətlərinin sərgisinin təşkil olunacağını söyləyərək qonaqları sərgiyə baxmağa dəvət edib.

Mərasimdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros sazişin əhəmiyyətinə toxunub və səfirliyin bu işdə maraqlı olduğunu bildirib. Qeyd edib ki, sözügedən sənəd birgə elmi işlərin aparılmasında, intellektual interaktiv görüşlərin keçirilməsində, elm-araşdırma mühitinin yaradılmasında mühüm rol oynayacaq. Həmçinin diqqətə çatdırıb ki, bu günlərdə UFAZ-ın fondu yaradılıb və bu fondun maliyyə dəstəyi ilə birgə layihələr həyata keçirilə bilər.

Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidentləri, akademiklər Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova və Gövhər Baxşəliyeva çıxış edərək bildiriblər ki, imzalanacaq saziş iki ölkə arasında intellektual körpü olmaqla, elm və təhsil arasında inteqrasiyanın həyata keçirilməsində, eləcə də kadr hazırlığında mühüm rol oynayacaq.

Daha sonra AMEA, ADNSU və Strasburq Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi AMEA tərəfdən akademik Arif Həşimov, ADNSU tərəfdən professor Mustafa Babanlı, Strasburq Universiteti tərəfdən isə Mişel Deneken imzalayıblar.

Tərəflər saziş çərçivəsində yer və ətraf mühit elmləri, neft, qaz və digər enerji mənbələri, kimya və kimya mühəndisliyi, materialşünaslıq, kompüter elmləri, informasiya texnologiyaları və süni intellekt sahələrində təhsilə, elmi-texniki inkişafa, tədqiqat və kəşfiyyata dəstək vermək, birgə simpoziumlar, konfranslar və seminarlar təşkil etmək, bakalavrların, magistrantların, doktorantların və ya gənc tədqiqatçıların birgə elmi layihə və fəaliyyətlərində iştirakını dəstəkləmək, AMEA, ADNSU və UFAZ-ın elmi kadrlarının və tələbələrinin təlimi üçün birgə proqramlar yaratmaq, digər tərəflərin elmi işçi və professorlarının, bakalavr, magistrant və doktorantlarının elmi avadanlıqlardan, laboratoriyalardan birgə tədqiqatların aparılması üçün istifadə etmələrinə şərait yaratmaq və s. barədə razılığa gəliblər.

science.gov.az