sa sa 766
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib + Foto İyn 30, 2022 | 20:41 / Konfranslar, iclaslar

İyunun 30-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edən AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova bildirib ki, iyunun 30-u akademik Cəlal Əliyevin anadan olmasının 94-cü ildönümüdür. Əlamətdardır ki, bu gün, həmçinin böyük alim və müəllimin yadigarı olan institutun yaranmasının da 6-cı ili tamam olur.

Akademik İradə Hüseynova görkəmli alimin dünya elminə verdiyi töhfələrdən, Azərbaycanda biologiya elminin ən müasir istiqamətlərinin təşəkkülü və inkişafında, elmi nailiyyətlərin əldə edilməsində, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaranmasında misilsiz xidmətlərindən, bütün bunların məhz böyük alimin uzaqgörənliyi sayəsində əldə edildiyindən söhbət açaraq bu gün onun elmi irsinin tələbələri tərəfindən layiqincə davam etdirildiyini bildirib.

Sonra gündəlikdə duran digər məsələlər – 2022-ci ilin birinci yarımilliyində institutda yerinə yetirilən elmi və elmi-təşkilati işlər, magistr dissertasiyalarının müdafiəsinin yekunları, Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (ISPR) təşkilatçılığı ilə 31 iyul – 5 avqust 2022-ci il tarixlərində Yeni Zelandiyanın Dunedin şəhərində keçiriləcək “Fotosintez tədqiqatları – enerji və ərzaq təhlükəsizliyi üçün fundamental və tətbiqi elm” mövzusunda XVIII beynəlxalq konqresdə institut əməkdaşlarının iştirakı, “AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Əsərləri” jurnalının 2022-ci ildə VI nömrəsinin çapa hazırlanması haqqında məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib.