Tədbirdə institutun əməkdaşları ilə yanaşı, doktorant və magistrantlar, həmçinin Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin institutda istehsalat təcrübəsi keçən tələbələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova Elm günü münasibətilə müəssisə əməkdaşlarını təbrik edərək, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edən bu günün elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı olduğunu vurğulayıb.
Sonra Populyasiya genomiksi laboratoriyasının müdiri, b.ü.f.d., dosent Nurməmməd Mustafayev “İnsanın antropogenezi, miqrasiyaları və genetik biomüxtəlifliyi” və həmin laboratoriyanın kiçik elmi işçisi Zərintac Rüstəmova “Qədim DNT. Müasir insan genomuna qədim hominidlərin inteqrasiyası” mövzularında məruzə ediblər. Məruzələrdə müasir insana gətirib çıxaran təkamül prosesindən, təkamüldə xüsusi rolu olan hominidlərdən, qədim insanların mirqrasiyaları və qarışmalarından, genetik biomüxtəlifliyindən, qədim DNT, onun ayrılması zamanı yaranan problemlərdən, müasir insan genomuna neandertal və Denisov adamı adlanan hominidlərin inteqrasiyasından, təkamül prosesində mühüm əhəmiyyət kəsb edən bir sıra genlərdən danışılıb.
Daha sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb.