Aprelin 3-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon Sünbül ərazi partiya təşkilatının növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edib ki, bu gün müstəqil Azərbaycan bütün sahələrdə dinamik inkişafını davam etdirir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açıb. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. O bildirib ki,Yeni Azərbaycan Partiyası yarandığı gündən bəri ümumxalq partiyasına çevrilib, fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın inkişafı naminə çalışıb. Partiya Azərbaycanın ağır günlərində yaranıb. Həmin dövrlərdə Azərbaycanın gələcəyini düşünən 91 ziyalı “Səs” qəzetində Ulu öndər Heydər Əliyevə belə bir partiyanın yaradılması üçün müraciət edib. Biz fəxr edirik ki, Azərbaycanın o çətin dövründə başda mərhum akademik Cəlal Əliyev olmaqla bizim institutun bir çox əməkdaşları da ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər. Tarixə məşhur “91-lərin müraciəti” kimi düşmüş həmin məşhur müraciəti imzalayan ziyalılar arasında institutumuzun alimləri də olub.
Tədbirdə iştirak edən YAP Səbail rayon təşkilatının Sədri Muxtar Nağıyev partiyanın yaranma tarixindən, partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən bəhs edib. Muxtar Nağıyev Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə akademik İradə Hüseynovaya təşkilatın Fəxri fərmanını təqdim edib. Daha sonra partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri verilib.
Tədbirdə YAP veteranlar şurasının üzvü, məşhur “91-lər”dən olan AMEA-nın müxbir üzvü, prof. İbrahim Əzizov, Birinci Qarabağ müharibəsinin veteranı b.ü.f.d., dos. Nurməmməd Mustafayev, b.ü.f.d. Aynura Paşayeva, b.ü.f.d., dos. Ulduza Qurbanova çıxış ediblər. Tədbirin sonunda YAP-ın yeni üzvləri ilə birlikdə xatirə şəkli çəkilib.