sa sa 657
MBBİ-də akademik Cəlal Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib + Foto İyn 25, 2023 | 15:43 / Mühüm hadisələr

İyunun 25-də dünyaşöhrətli alim, görkəmli ictimai-siyasi xadim, Əməkdar elm xadimi, akademik Cəlal Əliyevin anadan olmasının 95 illiyi münasibətilə AR ETN  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, AR KTN Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları, alimin tələbələri onun Fəxri xiyabandakı məzarını ziyarət etmiş, əziz xatirəsini yad edərək məzarı önünə əklillər və gül dəstələri qoymuşlar. Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yubileylə əlaqədar olaraq anım tədbiri keçirilmişdir. AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova akademikin Azərbaycan elmindəki misilsiz xidmətlərindən bəhs edərək, müəlliminin bir şəxsiyyət kimi tələbələrinə örnək olan müsbət insani keyfiyyətlərindən söz açıb. O qeyd edib ki, gözəl əməlləri, geniş diapazonlu elmi və elmi-təşkilati fəaliyyəti, Azərbaycan və dünya elmi qarşısında müstəsna və təmənnasız xidmətləri, dövlətçiliyimizin qorunması yolundakı göstərdiyi fədakarlıqlara görə akademik Cəlal Əliyev hələ sağlığında ikən özünə əbədi abidə ucaltmışdır. Onun biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya yönümlü müxtəlif ali təhsil müəssisələrindən uzaqgörənliklə seçərək rəhbərlik etdiyi laboratoriya və şöbələrə işə cəlb etməklə təqribən 50 il ərzində yetişdirdiyi 300-ə yaxın alim bu gün Azərbaycanda və dünyanın ABŞ, Böyük Britaniya, Yaponiya, Rusiya, Türkiyə, Cənubi Koreya, Avstraliya, İsveç, Kanada, Almaniya və s. kimi onlarla qabaqcıl ölkəsinin tanınmış elm və təhsil mərkəzlərində, nüfuzlu universitetlərində tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərir, akademik Cəlal Əliyevin elmi məktəbini və ümumən, Azərbaycan elmini layiqincə təmsil edirlər. Onun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər doktoru, 81 elmlər namizədi hazırlanmşıdır. Akademik Cəlal Əliyevin yaratdığı elmi məktəb yaşayır, ildən-ilə inkişaf edir və daim genişlənir. Bu məktəb gələcəkdə də yeni alim nəsillərini yetişdirəcək, Azərbaycan elmini yeni yüksəkliklərə qaldıraraq ölkəmizin və dövlətimizin daha da çiçəklənməsinə real töhfələr verəcəkdir.

Sonra akademik Cəlal Əliyevin tələbələri - AMEA-nın müxbir üzvləri, prof. İbrahim Əzizov və prof. Novruz Quliyev, REA-nın müxbir üzvü, Rusiya Federasiyasının Əməkdar elm xadimi Süleyman Allahverdiyev, Azərbaycanın Əməkdar elm xadimi, prof. Qərib Mürşüdov, aqrar elmlər üzrə fəlsəfə doktoru Cavanşir Təlai  və başqaları müəllimləri ilə bağlı xatirələrini bölüşərək, onun bir müəllim kimi ciddi və tələbkar olması ilə yanaşı, eyni zamanda qayğıkeşliyindən və  mehribanlığından, səmimi tələbə-müəllim münasibəti yaratmaq bacarığından söz açıblar. Qeyd olunub ki, Cəlal Əliyev məktəbinin yetirmələrinin qazandığı nailiyyətlər məhz müəllimlərinin diqqəti, qayğısı və fədakar əməyinin nəticəsidir. Alimin zəngin elmi irsinin öyrənilməsi, qorunub saxlanılması, ləyaqətlə davam etdirilməsi və gələcək nəsillərə ötürülməsi akademik Cəlal Əliyevin ruhuna və xatirəsinə ən böyük hədiyyədir. Elmə böyük töhfələr vermiş akademik Cəlal Əliyevin əziz xatirəsi ürəklərdə daim yaşayacaqdır.