sa sa 3267
BTEB-in Elmi şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurası ilə birgə iclası keçirilib + Foto Noy 24, 2023 | 12:00 / Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurası ilə birgə iclası keçirilib.

İclasda öncə bu yaxınlarda vəfat etmiş aqrar elm sahəsində tanınmış alim, AMEA Lənkəran Regional Elmi Mərkəzinin (LREM) keçmiş direktoru, professor Fərman Quliyevin xatirəsi yad edilib.

Elmi şuranın və problem şurasının sədri, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova professor Fərman Quliyevin elmi fəaliyyəti haqqında danışıb, xatirəsinin unudulmayacağını deyib. O, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevin LREM-ə yeni direktor təyin edildiyini bildirib.

Sonra akademik İradə Hüseynova toplantı iştirakçılarına 29 noyabr 2023-cü il tarixində AMEA-nın Ümumi Yığıncağının keçiriləcəyi barədə məlumat verib. Natiq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi haqqında” 3 noyabr 2023-cü il tarixli Fərmanının əhəmiyyətinə bir daha diqqət çəkib.

Sonra iclasda 2023-cü ildə elmi müəssisələrin (AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, ETN Genetik Ehtiyatlar İnstitutu, AR ETN Mikrobiologiya İnstitutu, AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu) doktorantura və dissertanturalarına qəbul olunanların dissertasiya mövzularının müzakirəsi aparılıb. Müzakirələrdə AMEA Biologiya və Tibb Elmləri Bölməsi Elmi şurasının, RETƏŞ-in Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının üzvləri, o cümlədən AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov, Pənah Muradov, Novruz Quliyev, aqrar elmləri doktoru Mustafa Mustafayev, eləcə də biologiya elmləri doktorları Aydın Əsgərov, Şakir Qasımov, Dilzarə Ağayeva və başqaları iştirak ediblər. Yeni qəbul olan doktorant və dissertantlar, onların elmi rəhbərləri mövzularla bağlı qoyulan sualları cavablandırıblar. Ümumilikdə 15, o cümlədən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulla bağlı 12, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı 3 mövzuya baxılıb, bəzi mövzuların adında düzəlişlər edilməklə onların hamısı təsdiq edilib.