sa sa 2018
Elm sahəsi üzrə Prezident mükafatı ilə təltif olunan Gülnar Abdullayeva MBBİ-də keçirilən elmi seminarda çıxış edib + Foto Fev 08, 2024 | 16:36 / Seminarlar

Fevralın 8-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən elmi seminarda institutun kiçik elmi işçisi Gülnar Abdullayeva çıxış edib. 2018-ci ildə MBBİ-də Molekulyar Biologiya ixtisası üzrə magistratura təhsilini başa vuran Gülnar Abdullayeva İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi olub və hazırda Birləşmiş Krallığın Oksford Universitetində tədqiqatlarını tamamlayıb. Gülnar Abdullayeva "Bağırsaq xərçəngində hüceyrə differensiasiyasının molekulyar əsaslarının öyrənilməsi" mövzusunda dissertasiya işini müdafiəyə təqdim etmək ərəfəsindədir. Qeyd edək ki, Gülnar Abdullayeva Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elm sahəsi üzrə Prezident mükafatına layiq görülüb.

Gülnar Abdullayeva apardığı tədqiqatlar zamanı MUC2(MUCİN2) və Trefoil factor 3 adlı zülalları kodlaşdıran qoblet hüceyrələrinə spesifik genetik markerlər vasitəsilə 100-dən çox bağırsaq xərçəngi hüceyrə xətlərinin klassifikasiyasını həyata keçirib. Təhsil aldığı müddətdə gənc tədqiqatçının 3 məqaləsi eLİfe və Cell Reports kimi yüksək impakt faktorlu jurnallarda dərc olunub.

Gülnar Abdullayevanın çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Gənc tədqiqatçı verilən çoxsaylı sualları cavablandırıb. Gülnar Abdullayeva doktoranturanı bitirdikdən sonra qazandığı bilik və bacarıqlarını Azərbaycandakı gənc mütəxəssislərlə paylaşmaq və xərçəngin müalicəsinə böyük töhfələr vermək istədiyini ifadə edib. O, həmçinin qeyd edib ki, Oksford Universiteti ilə elmi əməkdaşlığın davam etməsi üçün bütün imkanlardan istifadə edəcək.