sa sa 6210
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı faciəsi anılıb + Foto ,Video Fev 26, 2024 | 16:55 / Tədbirlər

Fevralın 26-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib. Öncə tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə və ümumən bəşəriyyətə qarşı törətdiyi cinayətlərin ən dəhşətlisidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar. Erməni qəsbkarlarının törətdikləri dəhşətli qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc Azərbaycan vətəndaşı qətlə yetirilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlumdur. Akademik İradə Hüseynova faciənin miqyasının və dəhşətlərinin sənədləşdirilməsində mərhum jurnalist Çingiz Mustafayevin xidmətlərini qeyd edib, xalqımızın Xocalı faciəsini heç zaman unutmayacağını bildirib. Natiq xüsusi diqqət çəkib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi qiymət verilib, Milli Məclisin 1994-cü il 24  fevral tarixli qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar daimi xarakter alıb.

Akademik İradə Hüseynova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsinə, Vətən uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, Xocalıda və digər ərazilərimizdə erməni qətliamına məruz qalan mülki vətəndaşlarımızın qisasının döyüş meydanlarında alındığından fəxrlə danışıb.

Tədbirdə iştirak edən Xocalı sakini, faciənin şahidlərindən biri olan Mürvət Məmmədov həmin dəhşətli gündən bəhs edib. Əslən Qərbi Azərbaycandan olan M.Məmmədov 1988-ci ildə ailəsi ilə birlikdə Xocalıya köçübmüş. Xocalı qırğını zamanı ailə üzvlərini itirən M.Məmmədov erməni cəlladlarının törətdikləri qətllərdən, əsirlərə verdikləri işgəncələrdən bəhs edib.

Daha sonra tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov və Novruz Quliyev, biologiya üzrə elmlər doktoru Şahniyar Bayramov, biologiya üzrə fəlsəfə doktorları Ələmdar Məmmədov, Nurməmməd Mustafayev, Səadət Xudaverdiyeva, Nərgiz Bayramova, Təchizat və Xidmət şöbəsinin müdiri Natiq Məmmədov çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir. Erməni qatilləri ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.