sa sa 2875
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə “yaşıl artım” siyasəti” mövzusunda tədbir keçirilib + Foto İyl 15, 2024 | 12:43 / Tədbirlər

İyulun 12-də Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı “Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə “yaşıl artım” siyasəti” mövzusunda konfrans keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anıblar.

Sonra müasir Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevə və ölkəmizin ev sahibliyi edəcəyi COP29-a həsr olunan videoçarx göstərilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək bildirib ki, Azərbaycanda ekoloji siyasətin təməlinin qoyulması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkə ekologiyasına göstərdiyi qayğı sayəsində respublikamızda minlərlə ağac əkilib, yaşıllıqlar salınıb. “Bu gün isə bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir dövrə qədəm qoyub və daha da inkişaf edib. Ulu Öndərin başladığı bütün işləri uğurla davam etdirən Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” adlandırılması haqqında Sərəncam verib. Dünyada ən böyük ekoloji tədbirlərdən biri olan COP29-un bu il ölkəmizdə keçirilməsi bunun bariz sübutudur” - deyə M.Nağıyev vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dünyada baş verən böhran və çətinliklərə diqqət çəkib. Natiq vurğulayıb ki, ətraf mühitin çirklənməsinin sürətlə davam etməsi 150-200 il ərzində bəşəriyyətin məhv olmasına gətirib çıxara bilər. O, COP29 kimi böyük və məsuliyyətli tədbirin Azərbaycanda keçirilməsinin dünya ictimaiyyəti tərəfindən ölkəmizə verilən dəyərin göstərici olduğunu diqqətə çatdırıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxışında qeyd edib ki, Azərbaycanda yaşıllıqların salınması, çirkabların təmizlənməsi məsələlərində irihəcmli işlər görülür. Təkcə Bakı və Abşeron yarımadasında neft və çirkablı sahələr görülən işlər nəticəsində 10 dəfə azaldılıb. “Son illərdə 12 min hektar ərazidə 15 milyon ağac əkilib. Bu il isə 5 milyon ağacın əkilməsi nəzərdə tutulub. Həmçinin biz 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrini 30 faiz artırmağı düşünürük və bu istiqamətdə sürətli işlər gedir”, - deyə nazir müavini əlavə edib.  Vüqar Kərimov qeyd edib ki, COP 29-un Azərbaycana gəlməsi 55 il davam edən bir siyasətin nəticəsidir. Bu tədbirin Azərbaycanda keçirilməsi hər bir vətəndaşımız üçün böyük məsuliyyətdir. Natiq Ulu Öndərin hakimiyyəti dövründən başlayaraq onun layiqli davamçısı olan Prezident İlham Əliyevin ekologiyanın yaxşılaşdırılması sahəsində gördüyü işlərdən ətraflı bəhs edib.

AMEA-nın virse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova qonaqları salamlayıb və bugünkü tədbirin birgə keçirilməsinin xüsusi məna daşıdığını söyləyib. O, əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan bu institutda yaşıl dünya ilə bağlı, o cümlədən fotosintez sahəsində görülən işlərdən bəhs edib. Akademik İradə Hüseynova qeyd edib ki, Ulu Öndərin Azərbaycanda rəhbər olduğu müddətdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə həmişə xüsusi qayğı ilə yanaşıb. Ulu Öndərin siyasəti bu gün uğurla davam etdirilir. Ölkədə ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün Prezident tərəfindən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq olunub. 2010-cu il “Ekologiya İli” elan olunub, alternativ enerji ilə bağlı qərarlar qəbul olunub, ayrıca qurumlar yaradılıb. İlham Əliyevin hakimiyyəti dövründə iki dəfə Azərbaycanın “Qırmızı Kitab”ı nəşr olunub. Eyni zamanda bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29, onunla yanaşı, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi ilə dünya birliyinin qəbul etdiyi yekdil qərar qlobal siyasi arenada Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin, BMT-də və digər beynəlxalq təşkilatlarda oynadığı fəal rolun, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyada sülhün və beynəlxalq hüquq çərçivəsində ədalətin bərqərar olunması üçün əmək sərf edən güclü lider kimi yüksək şəxsi nüfuzunun nəticəsidir. Bu qərar həmçinin Ulu Öndər tərəfindən formalaşdırılmış və cənab İlham Əliyevin davam və inkişaf etdirərək uğurla həyata keçirdiyi siyasətə dünya birliyinin veridyi yüksək qiymətin göstəricisidir.

 AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, 91-lərin nümayəndəsi, AMEA-nın müxbir üzvü İbrahim Əzizov akademik Cəlal Əliyevin rəhbərliyi altında yüksək məhsuldar, quraqlığa və şoranlığa davamlı buğda sortlarının yaradılması istiqamətində görülən işlərdən bəhs edib. Bu istiqamətdə hal-hazırda institutda aparılan işlər haqqında məlumat verən alim ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi yolunda aparılan tədqiqatların əhəmiyyətini vurğulayıb.

AR ETN Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva biomüxtəlifliyin tədqiqi və qorunması istiqamətində institutda aparılan işlərdən, işğaldan azad olunmuş ərazilərdə keçirilən monitorinqlərdən, oradakı ekoloji vəziyyətin bərpa olunması zərurətindən bəhs edib. Bu gün dünyanı narahat edən qlobal problemlərdən birinin iqlim dəyişmələri olduğunu vurğulayan natiq bundan sonra elm adamlarının əsas vəzifəsinin ekologi problemlərlə bağlı araşdırmaların daha da genişləndirilməsi olduğunu bildirib.

 AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Nərgiz Bayramova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclərin qarşısında duran vəzifələrdən bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi, həmçinin ölkəmizin COP29-a ev sahibliyi etməsi Azərbaycanın bu sahədə qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha təsdiqləyir, gənc alimlər də bu prosesdə öndə getməlidirlər.