sa sa 90
Molekulyar Biologiya İnstitutunun əməkdaşı İsveçin Lund şəhərində elmi ezamiyyətdə olub + Foto İyl 27, 2026 | 11:00 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Günay İsmayılova 20–22 iyul 2026-cı il tarixlərində İsveçin Lund şəhərində keçirilən IV Beynəlxalq Arpa Mutantları Seminarında iştirak edib.

Tədbir Lund Universiteti, İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin Alnarp kampusu və Svalöv bölgəsində yerləşən Lantmännen Agro tədqiqat mərkəzi olmaqla üç əsas elmi məkanda təşkil olunub. Dənli bitkilərin genetikası və bitki biotexnologiyasının aktual problemlərinə həsr olunan beynəlxalq tədbir bu sahədə çalışan aparıcı alim və mütəxəssisləri bir araya gətirib. Yüksək səviyyədə hazırlanmış elmi proqram çərçivəsində genomika, gen redaktəsi texnologiyaları və mutasiya kitabxanalarına həsr olunmuş sessiyalarda müasir elmi nailiyyətlər müzakirə edilib. Tədbir iştirakçıları, həmçinin gələcək seleksiya işləri üçün mühüm əhəmiyyət daşıyan genetik ehtiyatların və toxum kolleksiyalarının mühafizə olunduğu NordGen gen bankı ilə tanış olublar.

Günay İsmayılova “Qradiyent vs qradiyent” prinsipinə əsaslanan çoxkomponentli aqaroponika sistemindən istifadə etməklə in vitro şəraitində kallus toxumasının adaptiv və morfogenetik potensialının stimullaşdırılması mövzusunda çıxış edib.

Beynəlxalq tədbirdə iştirak müasir bitki biotexnologiyası və seleksiya sahəsində qabaqcıl elmi yanaşmaların öyrənilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.