sa sa 3182
Kembric Universitetinin professoru Qərib Mürşüdovun Biologiyanın müasir problemləri və Struktur biologiyasının üsulları ixtisas kursları üzrə mühazirələri başlanmışdır + Foto May 08, 2018 | 15:47 / Mühüm hadisələr

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar biologiya laboratoriyasının Kompüter kristalloqrafiyası qrupunun rəhbəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov I kurs magistrantlara Biologiyanın müasir problemləri və Struktur biologiyasının üsulları ixtisas kursları üzrə mühazirələr oxumağa başlamışdır.    

Qərib Novruz oğlu Mürşüdov elmi fəaliyyətinə akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları laboratoriyasında başlamış və oradan SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutuna göndərilmişdir.

Namizədlik dissertasiyasını böyük uğurla müdafiə etdikdən sonra,  Böyük Britaniyanın York Universitetindən dəvət almışdır. 2001-ci ildə çox nüfuzlu Wellcome Trust-ın 500000 funt sterlinq həcmində böyük elmi tədqiqatçı qrantını udmuş və York Universitetində özünün müstəqil qrupunu təşkil etmişdir. 2011-ci ildə Böyük Britaniyanın Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (Medical Research Council – MRC) Molekulyar Biologiya Laboratoriyasında Hesablama kristalloqrafiyası qrupunun rəhbəri vəzifəsinə dəvət olunmuş və hal-hazırda bu vəzifədə çalışır.

Həmyerlimiz Yaponiya, Hindistan, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, Cənubi Amerika daxil olmaqla, 20-dən çox ölkədə bioloji kristalloqrafiya və elektron mikroskopiyasını öyrətmək üçün kurslar və seminarlar təşkil etmişdir.

Qərib Mürşüdov 100-dən artıq elmi əsərin, o cümlədən Nature, Science jurnallarında çap olunan məqalələrin müəllifidir. Nəticələri 60-dan çox elmi konfransda təqdim edilmişdir. Zülalların Məlumat Bankına  (PDB) daxil olan məlumatların 45%-dən çoxu onun proqramları ilə analiz edilir. Google Scholar-a görə onun elmi işlərinə 35000-dən çox istinad olunub. Onun h-faktoru 47-dir.

2001-ci ildən Böyük Britaniya Kral Statistika cəmiyyətinin üzvü, Böyük Britaniyada fəaliyyət göstərən kristalloqrafiya üzrə kompüter proqramları hazırlayan və paylayan cəmiyyətin – CCP4-nun icraçılarından biridir.

Professor Qərib Mürşüdov Azərbaycanda elmin inkişafına yaxından kömək etməyə çalışan həmvətənlərimizdəndir. 2009 və 2011-ci illərdə Bakıda Q.Mürşüdovun Ümumşəhər elmi seminarları təşkil edilmiş və bir neçə qeyri-rəsmi seminarlar keçirilmişdir.

O, 2010-cu ildə akademik Cəlal Əliyevlə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qalibi olmuş beynəlxalq elmi layihənin həmrəhbəri olmuşdur.

2017-ci ildə onun rəhbəri olduğu “Molekulyar quruluşların saflaşdırma və yoxlanılma metodları” mövzusunda elmi-tədqiqat proqramı AMEA Rəyasət Heyətinin 15 mart 2017-ci il tarixli 5/9 №-li Qərarı ilə AMEA RH tərəfindən maliyyələşdirilməyə başlanılmış və bu istiqamətdə ciddi tədqiqatlar aparılır.

Qərib Mürşüdov Azərbaycanda da gənc tədqiqatçıların hazırlanmasına xüsusi diqqət yetirir. Hazırda o, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 3 fəlsəfə doktoru və 1 doktorluq dissertasiyasına rəhbərlik edir. Artıq 3 ildir ki,  institutun magistraturasında  "Struktur biologiyasının üsulları" ixtisas kursundan mühazirələr oxuyur.