sa sa 1717
AMEA öz fəaliyyətini onlayn texnologiyalar üzərindən davam etdirir İyl 09, 2020 | 12:21 / Mühüm hadisələr

Koronavirus pandemiyasının dünyada və ölkəmizdə yaratdığı fəsadların miqyası gündən-günə böyüyür. Artıq bəşəriyyət demək olar ki, bütün ölkələri cənginə alan bu virusun ikinci dalğası ilə qarşı-qarşıyadır. Hazırda bir çox ölkələrdə iqtisadiyyat sahəsində ciddi böhran yaranıb, sərhədlər bağlanıb, dövlətlərarası əlaqələr zəifləyib. Bütün dünya ölkələri belə bir çətin vəziyyətdə pandemiyanın mənfi təsirlərini azaltmaq istiqamətində əlindən gələni edir. Azərbaycan hökuməti də həm əhalinin sağlamlığının maksimum şəkildə qorunması, yoluxma sayının azaldılması, həm də ölkə iqtisadiyyatının bu böhrandan daha az zərərlə çıxması üçün qabaqlayıcı tədbirləri davam etdirir, koronavirusla bağlı prosesləri nəzarətdə saxlayır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə, ölkəmizdə karantin rejimi avqustun 1-dək uzadılıb. Həmçinin COVID-19 infeksiyasının yayılma sürətinin azaldılması və onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, eləcə də bir neçə digər şəhər və rayonlarda bəzi məhdudiyyətlər tətbiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da ölkəmizdə karantin rejiminin tətbiq olunmağa başladığı ilk gündən etibarən koronavirus pandemiyası ilə mübarizə sahəsində aparılan dövlət siyasətini və həyata keçirilən tədbirləri dəstəkləyir, öz fəaliyyətini yeni formatda davam etdirir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumun işinin xüsusi karantin rejiminin qaydalarına uyğun şəkildə təşkili məqsədilə müvafiq qərarlar verir.

Akademik Ramiz Mehdiyevin 22 iyun 2020-ci il tarixində “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” imzaladığı Sərəncam bu qəbildəndir. Sənəddə AMEA əməkdaşlarının ümumi sayının 20 faizdən çox olmamaq şərti ilə növbəlilik qaydasında işə cəlb edilməsinə icazə verilir. Həmçinin işə cəlb edilmiş işçilərin COVID-19 infeksiyası ilə bağlı sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi, eləcə də yay mövsümü üzrə əmək məzuniyyəti qrafikinə uyğun olaraq işçilərə məzuniyyətlərin verilməsi nəzərdə tutulur.

AMEA-nın elmi müəssisə və təşkilatları artıq 4 aya yaxındır ki, öz fəaliyyətini onlayn texnologiyalar əsasında qurub. Hər bir institutda görülən işlər, aparılan araşdırmalarla bağlı mütəmadi olaraq onlayn seminarlar, görüşlər, iclaslar keçirilir. Elmi müəssisələrin əməkdaşları beynəlxalq tədbirlərə videokonfrans sistemi vasitəsilə qatılır, öz tədqiqat nəticələrini beynəlxalq jurnallarda nəşr etdirirlər. Onlar həm Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan həmkarları ilə virtual əlaqələr yaradırlar. Bütün bunlar digər sferalarda olduğu kimi, elm sahəsində də yeni bir mərhələnin başlandığını, onlayn texnologiyaların həyatımızda olduqca vacib amilə çevrildiyini sübut edir.

Akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən, AMEA-nın magistraturasında təhsil olan tələbələrin yay imtahan sessiyası və magistrlik dissertasiyalarının müdafiəsi də onlayn formada keçirilir.

Elmlər Akademiyasının alimləri həmrəylik və birlik nümayiş etdirərək ölkə əhalisini şəxsi gigiyena qaydalarına riayət etməyə, özünü və ətrafındakıları qorumaq üçün tibbi maska, dezinfeksiya vasitələrindən istifadəyə, o cümlədən sosial məsafəni gözləməyə çağırır. Onlar bir ziyalı kimi üzərinə düşən vəzifələri yerinə yetirərək tez-tez kütləvi informasiya vasitələrində çıxışılar edir, müsahibələr verir, koronavirusdan xilas olmaq üçün sosial məsuliyyətin vacibliyini vurğulayır, insanlara “Evdə qal” çağırışına ciddi riayət etməyi tövsiyə edirlər.

AMEA-nın rəsmi veb-saytı olan science.gov.az-ın əməkdaşları isə peşə borcunu layiqincə yerinə yetirərək, bu çətin günlərdə də öz fəaliyyətlərini əvvəlki kimi davam etdirirlər. Portalda hər gün Akademiyanın institut və təşkilatlarında xüsusi karantin rejiminə uyğun olaraq görülən işlər, aparılan yeni tədqiqatlar, onlayn müdafiə və imtahanlar, eləcə də digər mühüm elmi yeniliklərə dair məlumatlar verilir. Science.az, həm də dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatları, görülən tədbirləri operativ olaraq ictimaiyyətə çartdırır.

science.gov.az