sa sa 1657
2020-ci ilin I yarısında AzScienceNet şəbəkəsində mühüm işlər görülüb İyl 13, 2020 | 11:15 / Konfranslar, iclaslar

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm-kompüter şəbəkəsinin İdarəetmə Şurasının onlayn iclası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq iclasın AzScienceNet şəbəkəsinin fəaliyyətində mövcud olan problemlərin həlli, şəbəkədə islahatların aparılması, maddi-texniki bazanın gücləndirilməsi, eyni zamanda, əməkhaqqı və kadr hazırlığı ilə bağlı məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.

Akademik R.Əliquliyev AzScienceNet şəbəkəsinin həm ölkəmizdə, həm də beynəlxalq aləmdə əhəmiyyətini qeyd edib, onun inkişafı və problemlərinin həllinə diqqət ayrılmasının zəruriliyini vurğulayıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin AzScienceNet şəbəkəsinin inkişafına xüsusi önəm verdiyini deyən alim rəhbərliyin AzScienceNet-in inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində hər bir əməkdaşın iştirakının vacibliyini bildirib.

Qeyd edib ki,  AzScienceNet-in texniki imkanları və infrastrukturunun genişləndirilməsi məqsədilə qısa müddət ərzində şəbəkənin yeni inkişaf konsepsiyası və tədbirlər planı hazırlanmalıdır. R.Əliquliyevin sözlərinə görə, şəbəkə əməkdaşlarının öz elmi fəaliyyətlərini gücləndirməsi və beynəlxalq qrant layihələrdə iştirakı da aktual məsələlərdəndir.

Daha sonra institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov AzScienceNet şəbəkəsində 2020-ci ilin I yarısında görülən işlər barədə məlumat verib. Qeyd edib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına zəruri İnternet xidmətləri göstərən, eləcə də ölkəmizin elm və təhsil qurumlarının Avropanın Elm və Təhsil Şəbəkəsinə (GEANT) inteqrasiyasını təmin edən AzScienceNet elm-kompüter şəbəkəsinin fasiləsiz iş rejimində fəaliyyəti təşkil edilib.

Onun sözlərinə görə, cari ilin 6 ayı ərzində AMEA-nın institut və təşkilatlarının 30 yeni kompüteri AzScienceNet şəbəkəsinə qoşulub, AzScienceNet şəbəkəsinin verilənlərin emal mərkəzində 140 TBayt yaddaşa malik saxlanc yaddaş qurğusu quraşdırılıb.

Direktor müavini AzScienceNet-in pandemiya müddətində fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün institut əməkdaşlarından ibarət İşçi qrupunun yaradıldığını vurğulayıb. Qeyd edib ki, İşçi qrup bu ilin mart-iyun aylarında Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə mərkəzin fəaliyyətinə növbətçilik prinsipi əsasında texniki dəstək göstərib.

“İnstitutun əməkdaşları tərəfindən 21 aprel 2020-ci il tarixində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən videokonfransa texniki dəstək verilib”, – deyə R.Ələkbərov bildirib.

İclasda, həmçinin 2021-ci ildə keçirilməsi nəzərdə tutulan institutun 50, AzScienceNet-in isə 40 illik yubileyi ilə bağlı görüləcək işlər haqqında müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

science.gov.az